Yazı Harun Sadıqlı tərəfindən Andrey Heyvudun “Siyasi ideologiyalar” kitabından tərcümə edilmişdir.
Siyasi mövqey və ya ideologiya kimi təsvir edilən mühafizəkarlıq ilk dəfə XIX əsrin əvvəllərində istifadə olunmuşdur. 1820-ci illərdə bu termin Fransa İnqilabının prinsip və ab-havasına qarşı bir müxalif mövqey idi. İngiltərədə isə mühafizəkarlıq Vhiqlərə qarşı əsas müxalifət partiyası olan Torilərin adını əvəz etdi və 1835-ci ildə bu partiyanın rəsmi adı oldu.
Mühafizəkarlıq fikirlər Fransız İnqilabı ilə meydana gələn simvolların, siyasi, sosyal və iqtisadi dəyişikliklərin formalaşmasına əks reaksiya idi. Bu barədə ilk ifadələr Edmund Burkenin “Fransadakı inqilabla bağlı düşüncələr” adlı əsərində yer alıb. XIX əsrdə meydana çıxan liberlizm, sosyalizm və milliyətçilik kimi hərəkatlarda müxtəlif yanaşmalarla dəyişikliklər olurdu. Bu ideologiya reformu əsas götürdüyü halda, mühafizəkarlıq hər gün daha da pis vəziyyətə düşən ənənəvi sosyal nizamı müdafiə edirdi.
Elə ingilis mühafizəkarlığı da Burkenin fikirləri çərçivəsində formalaşmışdı. XIX əsrdə Avropada mühafizəkarlıq inkişaf edirdi. Reform dalğasına qarşı monarx və despotları müdafiə edirdi. Lakin II dünya müharibəsindən sonra Almaniya və İtaliya başda olmaqla reform planları başladı. Bu daha çox Xristian demokrat partiyaların qurulmasıyla reallaşmışdı. ABŞ isə mühafizəkarlıq ideologiyasından çox az təsirlənmişdir. ABŞ-da həm Demokratlar, həm də Respublikaçılar mühafizəkar kimi təqdim edilməni çox qəzəbli formada qarşılaya bilərlər.
Mühafizəkarlıq siyasi ideologiya kimi Qərbdəki modernləşmə müddətində ortaya çıxdığı üçün Avropa və Şimali Amerika xaricində çox da rast gəlinən ideoloji hərəkat olmamışdır. Afrika, Asiya və Latın Amerikasında bəzi hərəkatlar meydana gəlsə də tam mənada muhafizəkarlıq adlandırıla bilməz. Bu baxımdan yeganə istisna Yaponiya Liberal-Demokrat partiyasıdır. Argentinadakı Peron və İrandakı Xumeyni hərakatı isə mühafizəkarlıqdan daha çox populist-despot xarakterli olmuşdur. 1970-ci illərdən bəri Qərbdə bəzi ölkələrdə siyasi sağın yenidən hakimiyyətə gəlməsi mühafizəkarlığın yenidən yüksəlişinə səbəb olmuşdur. Britaniyada Tetçer və ABŞ-dakı Reyqan hökümətləri buna nümunə ola bilər. Yeni sağ hərəkatlar mühafizəkar iqtisadiyyata meydan oxusa da mühafizəkar ideologiyanın bir hissəsi kimi qalır.
Mühafizəkarlar tərəfdarı olduqların şeydən daha çox müxalif olduqları məsələlərlə bağlı daha dəqiq mövqey bildirirlər. Buna görə də mühafizəkarlıq sadə formada dəyişikliyə qarşı dirəşir. Mühafizəkarlığın simvolları belədir:
- Adət-ənənə
- İnsan natamamlığı
- Təbii cəmiyyət
- İearxiya və hakimiyyət nüfuzu
- Mülkiyyət
Mühafizəkarlar ənənəyə hörmət edirlər, çünki onlar ənənənin həm cəmiyyət, həm də fərd üçün kimlik duyğusu yaratdığına inanırlar. İnsanın mütləq səhvləri olacağını iddia edən mühafizəkarlıq cəmiyyətə bir orqanizm kimi, yəni yaşayan bir varlıq kimi yanaşırlar.
Mühafizəkarlıq da öz daxilində bir neçə istiqamətə ayrılır:
Avtoritar Mühafizəkarlıq – Fransa İnqilabı dövründə Avtoritar mühafizəkarlığı müdafiə edən siyasi fəlsəfəçi Josef de Maistr idi. O inqilabı tənqid etmiş və Burkedən fərqli olaraq iqtidarı irsi morxiyaya təhvil verməyi müdafiə edirdi. O tamamilə köhnəfikirli idi və 1789-cu ildən əvvəlki sistemi aradan qaldırmağa dözə bilmirdi. Avtoritar mühafizəkarlıq heç yerdə Çar Rusiyasında olduğu kimi qalmamışdır. Çar I Nikolay Fransa İnqilabından yer alan azadlıq, bərabərlik və qardaşlıq şüarlarının əvəzinə “ənənə, avtoritarlıq və milliyət” anlayışlarını müdafiə edirdi. Sonrakı çarlar da parlament yaratmaq istəyən qruplara qarşı mübarizə aparırdılar. Bu formada Bismark dövründə Almaniyada da olmuşdur, ümumi mənada isə ən çox Katolik dünyasında hökm sürmüşdür. Hətta 1864-cü ildə Roma papası liberalizm, sosyalizm və milliyətçilikdə yer alan radikal və proressiv fikirləri “ən bədbəxt dövrün yanlış təlimləri” olduqlarını əsas gətirib lənətləmişdir.
Paternalist mühafizəkarlıq – iki əsas növü var. Bunlar Tək-millət mühafizəkarlığı və Xristian-demokratlardır. Tək millət mühafizəkarlığı ierarxiyanı aradan qaldırmaq əvəzinə onu möhkəmləndirmək üçün istifadə olunur. Daha çox sosial problemlər baş qaldırdığı zaman aşağı gəlirli sosial qrupları yola gətirmək üçün istifadə olunur.
Xristian-demokratlar isə II dünya müharibəsindən sonra Avropada mənimsənilmiş bir hərəkatdır. II dünya müharibəsindən sonra Avropa qitəsində mühafizəkarların çoxu avtoritar görüşlərini tərk etmişdi. Başda Almaniya və İtaliya olmaqla katolikliyin sosyal ənənələrindən istifadə edərək belə bir yol seçmişdilər.
Libertarian mühafizəkarlıq – libertarian mühafizəkarlar liberalizm yolunu tam tərk etməyiblər, liberal iqtisadiyyatların hakimiyyət və tapşırıq kimi dəyərlərə əsaslanaraq daha ənənəvi, mühafizəkar sosyal fəlsəfə ilə uyğun olması lazım olduğunu bildirmişdirlər. Libertarian fikirlər BB və ABŞ-da çox aktualdır. Lakin libertarian mühafizəkarlar əsaslı liberal qrup deyil. İqtisadi fərdiyyəçiliyi və hakimiyyəti iqtisadi sferadan uzaqlaşdırmağı müdafiə etsələr də fərdi azadlıq məsələsini sosyal həyatına digər sahələrində genişləndirmək tərəfdarı deyillər.
Yeni sağ – Yeni sağ İqtisadi Libertaryanizmlə dövlət və sosial sahədəki hakimiyyəti birləşdirmək cəhdləridir. Təklikdə Yeni sağ fundamentalist, gerici və ənənəvi xüsusiyyətlərin bazasıdır. Yeni sağın iki forması var, Liberal yeni sağ və mühafizəkar yeni sağ. Liberal yeni sağ daha çox klassik liberalizmdən bəhrələnir. Mühafizəkar yeni sağ isə liberal reform və proqressiv dəyərlərin yayılmasının nəticəsi olaraq ortaya çıxdığı iddia edilən sosyal parçalanma qorxusu çərçivəsində təsvir edilə bilər.