MİL Menecerlik Proqramı MİL Şəbəkəsinin ilk və uzunmüddətli layihələrindən biridir. Layihə vətəndaş cəmiyyəti təşkilatlarının və ictimai layihələrin idarəedilməsi işində gənclərin idarəetmə bacarıqlarını və biliklərini artırmaq məqsədi daşıyır. Proqramın kiçik bir hissəsi müxtəlif istiqamətlər üzrə təlim və nəzəri biliklərin öyrənilməsi, əsas hissəsi isə strateji hədəf, strateji planlama və əməliyyat planlamasının hazırlanması, ictimai layihələrin yazılması və idarəedilməsi, tədbir və görüşlərin təşkili, könüllülərlə iş, qrup və komanda işi, təşkilati quruculuq və şəbəkələşmə kimi praktiki işləri əhatə edir. Qeyd olunan təlim və nəzəri biliklər dedikdə, MİL Şəbəkəsinin fəaliyyət istiqamətlərinə daxil olan Vətəndaş Cəmiyyəti və onun işləmə mexanizmi, Qadın* və LGBTQI+ məsələləri, Yaşıl dəyərlər və Sülh mövzuları, eləcə də, könüllü fəaliyyət, MİLin layihə idarəetməsi prinsipləri, Menecerlik Proqramı daxilində iştirakçılara lazım olan məlumatların tədris edildiyi təlimlər nəzərdə tutulur. Təlim zamanı iştirakçılar yuxarıda sadalanan fəaliyyət istiqamətləri üzrə maraq sahələrinə uyğun İşçi Qruplara bölünürlər və layihənin növbəti praktiki hissəsində yerinə yetirməli olduqları fəaliyyətlərlə tanış olurlar. Bu hissədə gənclər qrup şəkildə planlamalar edir, görüşlər keçirir, öz ideyalarını layihələşdirib icra edirlər. Proqram dövründə hər qrupda bir nəfər mentor fəaliyyət göstərir, qrup üzvlərini istiqamətləndirir, eyni zamanda onların fəaliyyəti və işlərin gedişatı barədə İH-ni məlumatlandırır.
6 ay davam edən proqramı müvəffəqiyyətlə başa vuran gənclər MİL Şəbəkəsi Diplomu ilə təltif olunaraq “MİL məzunu” adını alırlar.
Daha əvvəl təşkil olunmuş Menecerlik Proqramı layihələrində daxilində yaranan İşçi qruplar aşağıdakılardır:
- Sosial Elmlər Mərkəzi
- Mədəniyyət Mərkəzi
- Gender Klubu
- Şəxsi İnkişaf Akademiyası
- Əyləncə və Oyun Klubu