Tam başlıq: Məktəb rəhbərləri müəllimlərin rifahını təkcə özünə qayğı barədə söhbətlərlə deyil, həm də əməllərlə dəstəkləməlidirlər
Məktəb rəhbərləri müəllimlərə qulaq asmaqla, onların həqiqi ehtiyac və narahatlıqlarına uyğun dəstəyi təmin etməklə yanlız sözlə kifayətlənməyərək, real dəyişiklik yaradaraq məktəb kültürünü dəyişirlər.
Məqalə Paige Tutt tərəfindən qələmə alınmış və Rəvanə İbarhimova tərəfindən dilimizə tərcümə edilmişdir.
Kollektivi şirniyyata qonaq etməkdə və ya cəmi bir dəfə keçirilən stresin idarə olunması seminarlarında səhv heç nə yoxdur. Ancaq bu, məktəb rəhbərlərində müəllimlərin əmək şəraitini yaxşılaşdırmaq üçün hər şeyi etdiklərinə dair illüziya yarada bilər. Belə ki, onlar inana bilərlər ki, müəllimləri sinif otağına diqqətlərini cəmləmiş və yenilənmiş formada qayıtmağa imkan verən “mükəmməl özünə qayğı fürsəti” ilə təmin edirlər.
İş və məktəb ilinin tələbləri artdıqca, dolu dərs otaqları, ağır iş yükü, habelə şagirdlərin davam edən emosional və fiziki ehtiyacları təhsil işçilərində stress, yorğunluq və tükənmişliyə (burn out – tərc. qeydi) səbəb ola bilər. Müəllimlərdə tükənmişlik sindromunun qarşısını almağa fokuslanan müəllim və natiq Chase Miekle deyir ki, özünə qayğı ilə bağlı bu kiçik anlar bu cür ağır yükləri yüngülləşdirə bilməz. Bir müəllim kimi, “Bu vəziyyətdən nəfəs alaraq çıxmayacağam, alınmaz, – deyir Mielke, – dərs planı üzərində işləyəndə bu mesajlar əla görünür, ancaq onlar nə məktəb kültürünün, nə də valideynlərin mənimlə hazırkı davranışları, nə də ki, tələbələrin necə işlədikləri və özlərini aparmaqları ilə bağlı fikirlərimi dəyişəcək”.
Digər tərəfdən ölkədəki məktəb direktorları “şirin sağlamlıq” müzakirələrinin fövqündə həll yolları araşdırır, iş yerində rifah məsuliyyətini müəllimlərin üzərindən götürərək, məktəb binası daxilində daha geniş sistem dəyişikliklərinə üstünlük verirlər. Müsahibə aldığımız bəzi rəhbərlər “özünə qayğı” ifadəsinin səthi yanaşmalarından yorulmuş kimi görünürlər və “özünə qayğı” termini artıq hər kəsin əsəblərinə toxunur: “Səmimi desəm, bunu eşitməkdən yorulmuşam”, – deyir direktor Mathew Portell.
Təhsil işçilərinin rifahını səmimi şəkildə dəstəkləmək “daha çox təşəbbüsdən deyil, hər şeyə əməkdaşlıq çərçivəsində yanaşmaq üçün mühit yaratmaqdan ibarətdir”, – deyə Tennessi ştatındakı Fall-Hamilton İbtidai Məktəbinin icraçı direktoru Karen Bacigalupo bildirir. Merilend Universitetinin Tibb Fakültəsinin psixiatriya üzrə dosenti və Məktəb Psixi Sağlamlığı üzrə Milli Mərkəzin əməkdaşı Jill Bohnenkamp isə qeyd edir ki, sağlam məktəb mədəniyyəti bütün səviyyələrdəki yetkin insanlara “onların məktəb icmasının formalaşmasında pay sahibi olduqları, qərarvermə səlahiyyətinə malik olduqları və öz fikirlərini ifadə edə biləcəkləri” siqnalını verir. “Əlimizdə əsaslı sübutlar var ki, bu müştərək yanaşma insanların bir parçası olmaq istədikləri iş mühitinin yaranmasına əhəmiyyətli dərəcədə kömək edir”.
Biz Kaliforniyadan Merilendə kimi tədris müəssisəsi rəhbərlərindən məktəblərin əməkdaşlığa təşviq edən, dəstəkləyən və ən əsası davamlı mühitə çevrilməsi üçün gördükləri işlərlə bağlı müsahibə almışıq.
Təsirli müəllim öz şagirdləri arasında mütəmadi sorğu aparan və müntəzəm olaraq onların inkişafını ölçən müəllimdir. Mielke-ə görə, bu, yaxşı məktəb rəhbərləri üçün də keçərlidir: “Əgər mən öz məktəbimin mədəni vəziyyəti ilə bağlı vacib məqamları, müəllimlərin emosional vəziyyətini qiymətləndirmir və buna müvafiq tədbirlər görmürəmsə, o zaman inkişaf və dəyişikliyin də baş tutmasını gözləyə bilmərəm”.
Çoxkanallı rəy: Kaliforniyada fəaliyyət göstərən orta məktəb direktoru Michele Lew düşünür ki, bir qayda olaraq, müəllimlərin rifahını təkbətək görüşlər və ya anonim sorğular vasitəsilə ölçmək başlanğıc üçün yaxşı addımdır. Bu təcrübə ona “ən məqsədəuyğun mövzuları və tendensiyaları görməyə” və buna müvafiq reaksiya verməyə imkan verir. Keçmiş direktor Adam Drummond təklif edir ki, hər müəllim “Bu məktəbdə komanda üzvü olmağın ən bezdirici tərəfi nədir?” sualı da daxil olmaqla, eyni suallar əsasında dəyərləndirilsin. Bu yolla cavablardan ümumi nəticəyə gəlmək və hərəkətə keçmək üçün prioritet istiqamətləri müəyyən etmək olar.
Açıq qapı siyasətinə riayət etməklə yanaşı, Merilenddəki Fort Foote İbtidai Məktəbinin direktoru Ryan Daniel hər səhər binanın ətrafında gəzir. Bu, yerindəcə köməyi təmin etməklə yanaşı, münasibətləri inkişaf etdirib gücləndirməyə imkan verir. “Mən təkcə hərənin gördüyü işi və emosional vəziyyətini görmək istəmirəm, – o deyir, – həmçinin əgər əvvəlki gün nə isə baş veribsə, bunu yoxlayıb ölçü götürürəm”.
İlk növbədə əsas ehtiyaclar gəlir: Bloom taksonomiyasından əvvəl Maslow-un ehtiyaclar piramidası təkcə şagirdlərə tətbiq olunmur, həm də müəllimlərə uyğun gəlir. Fall-Hamilton İbtidai Məktəbində xüsusi təhsil (əlilliyi və ya öyrənmə çətinlikləri olan şagirdlərin unikal ehtiyaclarını qarşılamaq üçün nəzərdə tutulmuş xüsusi tədris proqramı – tərc. qeydi) üzrə müəllim Natalie Vadas-ın fikrincə, özünə kömək etməyincə, başqalarına kömək edə bilməzsən. “Bəzən isə sadəcə bir dəqiqəyə ehtiyacın olur”.
Mathew Portell Fall-Hamilton-da direktor olanda “daxil ol – çıx” sistemini (Bu yanaşmanın mahiyyəti ondan ibarətdir ki, müəllim yorğun olanda sinifdən çıxıb istirahətinə vaxt ayırır, kolleqalarından biri gəlib sinifdə onu əvəz edir. – tərc. qeydi) tətbiq edib. Müəllim bununla bağlı ismarış göndərir – ismarışda heç bir izahat qeyd etməyə ehtiyac yoxdur – bir neçə dəqiqədə iki nəfər yetkin sinfə daxil olur. Onlardan biri müəllimlə məşğul olduğu zaman, digəri sinifdə dərs keçir. Bu yanaşmanı özünün yeni məktəbi Goodlettsville İbtidai Məktəbinə gətirməsi də çox uğurlu alınıb və həmin praktika bu gün də Hamilton məktəbində öz yerini qoruyub saxlayır. “Biz bunu ən lazımlı təbii ehtiyaclar üçün istifadə edirik, ancaq müəllimlərin enerjilərini bərpa etmək üçün vaxta və məkana ehtiyacları var”, – deyə Fall-Hamilton-un icraçı direktoru Karen Bacigalupo bildirib.
Eyni zamanda nahar etmək, hamam otağından istifadə etmək kimi təbii ehtiyaclar, – keçmiş müəllim və hazırda Challenge Success qeyri-kommersiya təşkilatının tədqiqat direktoru Sarah Miles yazır, – müzakirə olunmazdır və məktəb rəhbərləri müəllimlərə əsas insani ehtiyaclarını ödəmək üçün planlaşdırılmış vaxt verməlidirlər. Miles deyir ki, bu, rəhbərliyin “bədənə stimul vermək üçün bir anlıq dayanmağın vacibliyini” vurğuladığını və işçiləri “fasilə verməyə, yavaşlamağa, dostları ilə görüşməyə və birlikdə yemək paylaşmağa” təşviq etdiyini göstərir.
Vaxt tapın: Mielke bildirir ki, müəllimlər üçün bu, tapşırıqların ard-arda gəldiyi bir zolaqda dayanmadan irəliləyən bir proses kimi hiss oluna bilər. Bəzən məktəb rəhbərləri müəllimlərə öhdəliklərini yerinə yetirmək üçün kiçik boş vaxt pəncərələri taparaq cədvəli bir qədər elastik etməyə icazə verməlidirlər. Məsələn, peşəkar inkişaf üçün ayrılmış günlərdə, – Mielke deyir, – bəzi rəhbərlər günün yarısını cədvəlsiz saxlayır ki, işçilər həmin vaxtı ehtiyaclarına görə istifadə edə bilsinlər. “Bu, rəhbərlərin işçilərdən ‘Nəyə ehtiyacınız var?’ deyə soruşduqda aldığı cavab idi” – o deyir. “Bir çoxu isə ‘işləri çatdırmaqda çətinlik çəkirəm’ deyirdi”.
Eyni zamanda, müəllimlərin əvəzedici müəllimlər üçün dərs planları hazırlamağa saatlarını sərf etməkləri hətta xəstəlik və ya şəxsi məsələyə görə icazəyə ehtiyacları olsa belə, həmin günü işləməyə məcbur edir. Alex Shevrin Venet-in keçmiş məktəb idarəçilərindən biri dərsdə iştirak etməyəndə əvəzedici dərslər üçün plan hazırlamağa vaxt ayırdı. “O, bizə bir qovluq, bir format verdi və sonra peşəkar inkişaf təlimi zamanı vaxt ayırdı ki, hər şeyi bir yerə yığa bilək”. Venet qəbul edir ki, bu, mükəmməl sistem deyildi, çünki işdə olduğunuz zaman hazırladığınız əvəzləyici dərs planları hər zaman uyğun olmur.
Valideynlər üçün dəstək mexanizmi:
Ailələrlə ünsiyyət qurmaq müəllimlər üçün çətin ola bilər, xüsusilə yeni pedaqoqlar üçün bu proses bəzən nəzarətdən çıxa bilər. Daniel işçiləri lazım olduqda ondan kömək istəməyə təşviq edir – istər valideynə cavabın nəzərdən keçirilməsi və redaktə olunması, istərsə də bəzən müəllim adından mesaj hazırlanması məsələləri buna aiddir. İşçilər həmçinin onu BCC (gizli surət – tərc. qeydi) edə bilərlər ki, məlumatlı olsun və daha yaxından iştirakı tələb olunduqda isə onu birbaşa CC edə bilərlər.
Valideynlər və qəyyumlarla ünsiyyət zamanı səhv etdikdə Daniel məsələlərə cəzalandırıcı yanaşmadan daha çox, müştərək yanaşma tətbiq etmə imkanını sınayır. “Müəllimlər səhvə yol verdikdə, mən bu barədə onları məlumatlandırıram, ancaq bunu birlikdə həll edirik”, – deyə o bildirir. “Biz səhvimizə görə üzr istəyirik və təcrübəmizdən öyrənirik. Mən onları heç vaxt tək buraxmıram”.
Çıxdaş etmə yanaşmasını qəbul et: Hər hansı bir sistemi inkişaf etdirmək üçün yolları nəzərdən keçirəndə tədqiqatlar göstərir ki, insanlar adətən kənarlaşdırmağın faydalı ola biləcəyi məqamlardansa, əlavə edə biləcəkləri şeyləri müəyyən etməyə daha çox meyil göstərirlər. Komandanı bir yerə yığın və onlarla “nəyi çıxdaş etsək, yaxşı olar” barəsində müzakirə aparın, – deyə təhsil üzrə məsləhətçi Michelle Blanchet bildirir. “Müəllimləri onlara vacib olan və olmayan məsələləri müzakirə etmək üçün lazım olan platforma ilə təmin edin ki, beləcə siz vaxtı necə uyğun şəkildə istifadə edəcəyinizi müəyyənləşdirə biləsiniz”.
Məsələn, Fort Foote İbtidai Məktəbinin direktoru Daniel əgər bir görüş zəruri deyilsə, onu ləğv etməkdən çəkinmir. O, hər zaman özünə hal-hazırda ən vacib olan nədir və işçilərin “bunu analiz etmək üçün bir fikir şərikinə ehtiyacı varmı?” sualını verir. Əgər məlumatı özləri anlaya bilərlərsə, bu, sadəcə bir e-poçt olaraq göndərilir və ya onun həftəlik işçi bülleteni vasitəsilə yayılır. Görüşlər uzandıqda isə Daniel onları qısaltmağa üstünlük verir ki, işçilər vaxtlarını daha səmərəli istifadə edə bilsinlər: “Otağın enerjisini oxumağı və insanların nə vaxt tam yükləndiyini bilməyi bacarmalısınız”.
Müəllimlərlə peşəkar kimi rəftar edin.
Arkanzasdakı Teodor Jones İbtidai Məktəbinin direktoru Carise Echols deyir: “Yaxşı idarəçi sinifdə olmağın necə bir şey olduğunu heç vaxt unutmur”. Həmçinin, direktor heç vaxt yaddan çıxarmır ki, məktəbdəki müəllimlər peşəkar mütəxəssisdirlər. Tədris texnologiyaları üzrə mütəxəssis Mary Beth Hertz yazır: “Müəllimi qiymətləndirməyin ən yaxşı yolu onun gördüyü çətin işi və peşəkarlıq səviyyəsini qiymətləndirməkdir”.
Müəllimlər peşəkardırlar. Onlara muxtariyyət verilməli və əksi sübut olunana qədər inanılmalıdır.
Missouridəki Green Trails İbtidai Məktəbinin direktoru Erika Niles
Geyim qaydası barədə yenidən düşünün:
Rapoport Academy Dövlət Məktəblərinin idarəçisi Alexis Neumann işə cins geyinən əməkdaşlarla heç bir probleminin olmadığını deyir. Əksər vaxtlarda o da onlara qoşulur. “Biz sizin geyiminizlə bağlı narahat olmuruq, – Neumann bildirir, – biz əslində yalnız sinifdə baş verən öyrənmə ilə bağlı narahatıq”. “Biz öz komanda üzvlərimizlə peşəkarlar kimi rəftar edirik və onlar da eyni qaydada cavab verirlər”.
Missouridəki Green Trails İbtidai Məktəbinin direktoru Erika Niles inanır ki, müəllimlərin gündəlik ehtiyac və seçimlərinə uyğun geyinmək azadlığı olmalıdır və o, yaranan hər bir məsələyə fərdi olaraq, vəziyyətə görə yanaşır. “Bununla bağlı eşitdiyim rəy bu olur: ‘Birdən müəllimlər işə çimərlik geyimində gəlsələr?’, – tam səmimiyyətlə, mən öz müəllimlərimin professional qərarlar verəcəyinə inanıram”, – deyə Niles bildirir. “Müəllimlər peşəkardırlar. Onlara muxtariyyət verilməli və əksi sübut olunana qədər inanılmalıdır. Bu, sadəcə söhbətdir və cəza deyil. Biz hamımız bunda həmfikirik”.
Şəxsi inkişafa elastikliyi daxil edin:
“Peşəkar inkişaf üzrə razılaşmanın olmaması yalnız müəllimlərə zərər vermir, həmçinin şagirdlərə də öz təsirini göstərir, – deyir təhsil mütəxəssisi Sarah Elia, – müəllimlərin yaxşı hazırlanmış peşəkar inkişaf təlimlərində iştirakının nəticəsində şagird nailiyyətləri 21 faizə qədər artıb”. Orta məktəb müəllimi və kurikulum koordinatoru Heather Wolpert-Gawron deyir ki, hər hansı bir məcburi tapşırıqda olduğu kimi, xüsusilə də “müəllimlərin nələr öyrənə biləcəkləri və necə öyrənmələri barədə seçim imkanı” ilə bağlı müəyyən dərəcədə müstəqillik əlavə etmək faydalıdır.
Təlimçi kimi, Mielke məktəb rəhbərləri ilə işləyərək peşəkar təlim imkanlarını daha çox fərdiləşdirilə bilən hala gətirdi. Müəllimlər öz peşəkar inkişaf saatlarının bir hissəsini yaratmaq üçün könüllü olaraq qoşula bilərlər; bunu etmək istəməyənlər isə məktəb rəhbəri tərəfindən əvvəlcədən müəyyən olunmuş yolu izləyə bilərlər. “Biz bir az seçim imkanı verdik və işçiləri belə dəstəklədik, – o bildirir, – bu 15 saatı həqiqətən sizə lazımlı və maraqlandığınız məsələlərə həsr edə bilərsiniz”.
Təsir böyük ola bilər: Vaşinqtonda texnologiya və innovasiya üzrə rayon koordinatoru Tracy Dabbs yazır ki, daha elastik və seçimə əsaslanan peşəkar inkişaf modelinə keçməzdən əvvəl, işçilərin 30 faizindən azı peşəkar təlimin “onların ehtiyaclarına cavab verdiyini və müəllim kimi dəstəklədiyini” bildirirdi. İndi müəllimlər daha çox söz sahibi olduqları üçün bu faiz davamlı olaraq 95 faiz təşkil edir.
Planlama vaxtını qoruyun: Müəllimlərin dərs planı hazırlamağa sərf etdikləri vaxt toplantılar və ya inzibati tapşırıqlarla bağlı istifadə olunanda müəllimlər evə iş aparmalı olurlar, bu da iş və həyat balansını pozur, – deyə Mielke bildirir. Bunun qarşısını almaq üçün bəzi yollar var. Həftənin Çərşənbə günü sinif rəhbərləri 90 dəqiqəlik həftəlik planlamalarını etdikləri zaman Fort Foote İbtidai Məktəbinin müəllim heyəti – idman müəllimləri və kitabxanaçılar daxil olmaqla, şagirdlərin otaqlar üzrə bölgüsünə dair görüş planlayırlar. “2-ci siniflər ilk 45 dəqiqə media dərsi keçə bilərlər, sonrakı 45 dəqiqədə isə fiziki tərbiyə dərsi keçə bilərlər” – deyir Direktor Ryan Daniel.
Fort Foote İbtidai Məktəbinin müəllimləri bilirlər ki, əgər onların Bazar ertəsi və ya Çərşənbə Axşamı hansısa problemləri olubsa, kolleqalarla birlikdə əyləşib bunu həll etmək üçün Çərşənbə günləri var. “Əgər mən ikinci sinif müəllimiyəmsə, birinci və üçüncü sinif müəlimləri də otaqda olacaqlar, – o deyir, – mən hər kəslə fikirlərimi bölüşə bilərəm”.
