Bu əsər Mavi Fikir Dərnəyi tərəfindən tərcümə edilmişdir. Bu yazı ilk dəfə 1968-ci ildə Sosial Problemlər jurnalının 16-cı sayında dərc olunub.[32] Tərcümə edib: Məhəmməd Kekalov
Homoseksuallığın bir hal kimi hazırki konseptləşdirilməsi etnosentrik qərəzdən əmələ gəlib və səhvdir. Homoseksuallıq daha çox sosial rol kimi görülməlidir. Antropoloji sübutlar göstərir ki, bu rol heç də hər bir cəmiyyətdə mövcud deyil. Mövcud olduğu yerlərdə isə heç də müasir Qərb cəmiyyətlərindəki ilə eyni deyil. Tarixi dəlillər göstərir ki, bu rol 17-ci əsrin sonlarına doğru İngiltərədə meydana gəlmişdir. “Kinsey Hesabatlarına” əsasən, bizim cəmiyyətimizdə bu rol mövcud olsa da, əksər homoseksual davranışlar qəbul olunmuş bu rolun xaricində baş verir. Heteroseksual kişi və homoseksual kişi arasındakı qütbləşmə isə heç də tamamlanmayıb.
Azğın davranışın sosiologiyasındakı son irəliləyişlər hələ homoseksuallığın öyrənilməsinə təsir etməyib. İndiki sosiologiya homoseksuallığı hələ də insanların, onların doğulduğu yerin və ya hər hansı nöqsanlarının səciyyələndiricisi xarakterizə edən bir hal kimi görülür. Bu baxışın nəticələrini nəzərdən keçirsək, onun limitləri daha yaxşı başa düşülər. İlk növbədə, əgər homoseksuallıq haldırsa, onda insanlar ya buna malikdir, ya da malik deyil. Bir çox alimlər və adi insanlar fərz edirlər ki, dünyada insanların iki növü yaşayır: heteroseksuallar və homoseksuallar. Onlardan bəziləri başa düşürlər ki, homoseksual hisslər və davranış heç də onların “homoseksual” adlandırmaq istədiyi şəxslərlə məhdudlaşmır və həmin insanların bəziləri, əslində, homoseksual hərəkətlərlə məşğul olmur. Bu, əslində, mühüm problemdir, lakin həmin şəxslər öz fərziyyələrindən yapışaraq işin mahiyyətindən yayınırlar və kiminsə “həqiqətən” homoseksual olub-olmamasını necə dəqiq demək olar sualı ətrafında baş sındırırlar. Bu məsələdə mütəxəssis olmayan şəxslər də bir nəfərin “kuir” olub-olmadığını hansısa ağrının xərçəng simptomu olub-olmadığını müzakirə edirmiş kimi müzakirə edirlər. Və eyni cürə onlar daha dəqiq diaqnoz üçün alimlərə və tibb işçilərinə üz tutacaqlar. Alimlər isə diaqnoz üçün kriteriya axtarmağı özlərinə vəzifə borcu bilirlər.
Beləliklə, homoseksuallığın tərifini müzakirə edən bir psixiatr belə yazmışdı:
“…Mən, xəstələr əgər açıq-aşkar homoseksual davranışla məşğul olmayıblarsa, homoseksual diaqnozu qoymuram. Eyni vaxtda həm də heteroseksual davranışla məşğul olanlara isə biseksual diaqnozu qoyuram. Təsadüfi təcrübələr diaqnoza əsas verməsə də, yetkinlikdə təkrarlanan hərdənbir və ya davamlı homoseksual davranış bir homoseksualı müəyyənləşdirir.”[1]
Davranış nümunələri rahatca homoseksual və heteroseksual adlanaraq bölünə bilmədiyinə görə, bu psixiatr bir çox digər yazar kimi üçüncü növ insan anlayışını — “biseksualı” təqdim edir. Amma bu konseptual problemi həll etmir, çünki biseksuallıq da bir hal kimi təqdim olunur (bircinsli həbsxanalarda dustaq olma kimi qeyri-adi vəziyyətlərə müvəqqəti reaksiyalar istisna olmaqla). Hər halda, biseksuallığın geniş müzakirəsi yoxdur. Bu mövzu əksər hallarda “həqiqi homoseksuallığın” mülahizəsinə yer açmaq üçün qısa qeyd olunur.
Davranışların və ya hiss olunan cazibənin simptomları diaqnozla uyğun gəlməyən halları gizlətmək üçün digər yazarlar bunu yeniyetmə homoseksual mərhələyə aid etmiş və ya “latent homoseksual”, yaxud da “psevdo-homoseksual” kimi terminlərdən istifadə etmişlər. Əslində, bu mövzuda Krafft-Ebing tərəfindən aparılan ilkin tədqiqatlardan biri anadangəlmə homoseksual olan “invertləri” onlarla eyni cürə davranan, lakin həqiqi invert olmayan digərlərindən fərqləndirmək məqsədi güdürdü.[2]
Homoseksuallğın bir hal kimi konseptləşdirilməsinin ikinci nəticəsi kimi əsas tədqiqat mövzusu onun etiologiyasının öyrənilməsi ilə bağlı idi. Bu halın anadangəlmə və ya qazanılmış olması barədə çoxlu müzakirələr olub. Belə tədqiqatlarda ilkin mərhələ, əksər hallarda, nümunə “homoseksualların” tapılması idi. Əgər tədqiqatın mövzusu şəkərli diabet xəstəliyi olsaydı, tədqiqatçı bu şəkildə nümunə diabet xəstələri axtarardı. Bununla belə, bu tip tədqiqatların uzun tarixindən sonra da nəticələr qane edici deyil. İndinin özündə də, 70 il əvvəl Havelock Ellis “Seksual Çevrilmə”[3] əsərini çap etdirdiyi vaxt kimi, bu sual hələ də şəxsi mövqe məsələsidir. Onun cavabının tapılmasında olan müvəffəqiyyətsizlik bu elmin ciddiliyindən və ya əldə olan sübutların qeyri-adekvatlığından irəli gəlmir. Bunun səbəbi verilən sualın səhv olmasıdır. “Homoseksuallığın” mənbəyi araşdırıldığı kimi, “komitə sədrliyinin” və ya “Yeddinci Gün Adventizmi” kilsəsinin də mənbəyini axtarmağa cəhd etmək olar.
Müqayisəli sosiologiya nöqteyi-nəzərindən, biz homoseksuallığın bir hal kimi konsepsiyasını araşdırma mövzusuna çevirə bilərik. Bu konsepsiya və onun dəstəklədiyi davranış homoseksuallığın qınanıldığı cəmiyyətlərdə sosial nəzarət kimi fəaliyyət göstərir. Bundan başqa, bu konsepsiyanın sosioloqlar tərəfindən tənqidsiz qəbul edilməsi onların homoseksuallığın sosial problem olması barədə inanclarına gedib çıxır. Onlar problemin kütləvi izahını qəbul etməyə meyil göstəriblər və beləcə sosial nəzarət prosesinin bir parçasına çeviriliblər.
İnsanların azğın kimi sosial damğalanması iki halda sosial nəzarət mexanizmi kimi fəaliyyət göstərir.[4] İlk növbədə, o, izacə verilən və icazə verilməyən davranışlar arasında açıq-aydın, ictimailəşdirilmiş və seçilən sərhəd çəkməyə kömək edir. Bu, o deməkdir ki, insanlar artıq rahat şəkildə azğın davranışa meyil göstərə bilməzlər. Onların azğın istiqamətdə ilkin addımları dərhal, ortaya çıxaracağı sanksiyaları da nəzərə alaraq, azğın rola tam keçidin olub-olmayacağı sualını yaradır. İkinci, belə damğalanma azğınları digərlərindən təcrid edir. Bu isə o deməkdir ki, onların azğın hərəkətləri və bu hərəkətlərə qazandırdıqları bəraətlər müqayisədə dar qrupun içində qalır. Homoseksualın ixtisaslaşmış, nifrət olunan və cəzalandırılmış rolunun yaradılması cəmiyyətin böyük əksəriyyətini təmiz saxlayır. Bu, başqalarının qanuna tabe olmasını təmin etmək üçün bəzi cinayətkarlara göstərilən rəftara bəzəyir.
Bununla belə, bu praktikanın sosial nəzarət texnikası kimi işlədilməsinin ziyanlı tərəfi də var. Bir dəfə damğalandıqdan sonra insanlarda azğınlıqlarına davam etmə tendensiyası yarana bilər. Bu tendensiya sosial damğalanmanın başqa formalarının (yeniyetmə cinayətləri, narkotik istifadəsi, məktəbdə şagirdlərin bilik və bacarıqlarına görə təcrid edilməsi və ya irqi ayrı-seçkilik) müzakirələrində tez-tez hallanır. Bu cür sosial təsnifləşdirmənin müəyyən dərəcədə öz-özünü doğruldan proqnoz hesab etmək olar: əgər mədəniyyət insanları açıq-aşkar tiplərə bölürsə — ağ və qara, cinayətkar və qeyri-cinayətkar, homoseksual və normal — onda bu tiplər qütbləşməyə başlayacaq və bir-birindən tamamilə fərqlənəcək. Bu məqalədə mən bu problemin bu gün Birləşmiş Ştatlarda homoseksaullar və “normallar” arasında olub-olmadığını da müzakirə edəcəm.
Maraqlıdır ki, homoseksuallar özləri də rahat şəkildə homoseksuallığın bir hal olduğunu qəbul edirlər. Belə kəskin təsnifləşdirmə insanları ağzınlığa meyildən qoruduğu kimi, onlara azğınlıqdan geri qayıtmağa da imkan vermir. Beləcə, narahat seçim elementi aradan çıxır. Bu həm də homoseksualın azğın hərəkətlərinə, sırf homoseksual kateoqoriyasının üzvü olduğu üçün haqq qazandırır. Beləliklə, azğınlıq onun üçün legitimləşir və o, cəmiyyətin normalarını inkar etmədən işinə davam edə bilər.[5]
İnsanların homoseksual kimi damğalanması həm də sosial nəzarət mexanizmlərinə bağlı vacib sosial proses kimi görülə bilər. Ona görə də, sosioloqların bu prosesə obyektiv yanaşmaları və iştirak etməmələri vacibdir. Amma görünür ki, əksər psioxoloqlar və psixiatrlar nəinki öz obkeytivliklərini qoruyub saxlayıblar, həm də sosial damğalama prosesində diaqnoz qoyan iştirakçılara çeviriliblər.[6]
Təklif olunur ki, homoseksual haldan daha çox bir sosial rol kimi görünsün. Bununla belə, “homoseksualın” rolu sadəcə seksual davranışlardan ibarət deyil. Əgər elə olsaydı, burada rol və ya hal müqayisəsi etməyin mənası qalmazdı. “Rol” termininin təqdim olunmasının məqsədi bu sferada olan davranışın özü ilə bağlı kütləvi inancları doğrultmamasıdır. Seksual davranış formaları, homoseksual və heteroseksualın sosial rollarından fərqli olaraq, diktə edilə bilməz.
Rol və davranış arasındakı fərqi bu üsulla izah etmək qəribə görünə bilər. Amma rolun tərifinin gözləntilərlə bağlı olduğunu qəbul etsək (həmin gözləntilər doğruldula və ya doğruldulmaya bilər), bu fərqləndirmə həm legitim, həm də yararlı olar. Bundan başqa, homoseksual rolun tanındığı müasir cəmiyyətlərdə, bu rolu ifa edən və digərləri barədə gözləntilər vardır. Məsələn, homoseksual öz hissləri və davranışında tamamilə və ya əsasən homoseksual olacaq. Əlavə olaraq, xüsusilə qeyri-homoseksuallarla münasibətlər barədə tez-tez təkrarlanan digər gözləntilər də var. Onlar özünü homoseksual kimi görən şəxslərin özünü dərk etməsinə təsir edir. Həmin gözləntilərə daxildir: davranışda, xarakterdə və s seçimlərində feminin olmaq; bir şəxsin digər bütün kişilərlə olan münasibətlərində seksuallığın bu və ya digər rolunun olması; onun oğlan uşaqlarına və digər cavan oğlanlara cəzb olunması və onları yoldan çıxartmağa həvəs göstərməsi. Sosial gözləntinin mövcudluğu o deməkdir ki, onu olduğu kimi qəbul edənlər mövcuddur. Amma onun nə dərəcədə qəbul olunmağı əsassız ifadələrdənsə, empirik araşdırma mövzusudur. Əsas gözlənti, yəni homoskesuallığın heteroseksuallığa əngəl törətməsi gözləntisi barədə empirik sübutlar bu yazının sonunda Amerikadakı homoseksual rola nəzərən müzakirə olunub.[7]
Bu rolun təbiətini izah etmək və onun ancaq müəyyən cəmiyyətlədə mövcud olduğunu göstərmək üçün biz möcvud olan tarixi və mədəniyyətlərarası sübutları təqdim edəcəyik. Bu, qəribə metod problemi yaradır. Çünki indiyə qədər bu material müasir Qərb mədəniyyətlərində xüsusi konsepsiyalar çərçivəsində yığılıb və analiz olunub.
Müxtəlif cəmiyyətlərdə homoseksual rol
Keçmişdə olan və ya digər cəmiyyətlərdəki homoseksuallığı öyrənmək üçün biz birbaşa müşahidələrə yox, ikinci növ sübutlara arxalanmalı oluruq. Belə sübutların həqiqiliyi və etibarlılığı sual altındadır, çünki ilkin müşahidəçilərin hesabatları onların homoseksuallıqla razılaşmamasından və ya bizim qəbul etdiyimizdən fərqli, homoseksuallıqla bağlı öz mülahizələrindən təsirlənə bilər.
Məsələn, Mark Daniel Papa II Culianın homoseksual olması ittihamlarını 4 arqumentlə çürütməyə çalışır: Papanın onun adına qara yaxmaq istəyən çoxlu düşmənləri vardı; onun və onun sevgilisi ehtimal olunan Alidosinin münasibətdə olduğu qadınlar var idi; onların heç biri feminin deyildi; Papanın digər kişi dostlarından heç biri ona qarşı belə ittiham qaldırmamışdı.[8] Başqa sözlə desək, Daniel 16-cı əsrin əvvəllərində yaşayan Papanı müasir homoseksual konsepsiyaya, yəni feminin, tamamilə homoseksual və bütün kişilərə qarşı istək duyan şəxsə uyğunlaşdırmağa çalışır. Amma təbii ki, Papanın bu qəlibə uyğunlaşmaması, Danielin dediyindən fərqli olaraq, Papanın Alidosi ilə münasibətinin seksual olmadığını sübut etmir.
Antropoloqlar da bu tələyə düşə bilər. Marvin Opler bu mövzuda antropoloji sübutların xülasəsi kimi belə deyirdi:
“Əslində, heç bir cəmiyyətdə, bəlkə Qədim Yunanıstan, Meijiyəqədərki Yaponiya, Nasist Almaniyasının müəyyən yuxarı instansiyaları və berdaçelər, Nata kölələri, Çukça şamanlarının bir qolu kimi bir-neçə, səpələnmiş xüsusi statuslu qruplardan başqa, homoseksuallıq sözün əsl mənasında qəbul olunmayıb.”[9]
Sonra Opler yeniyetmələr arasında cinsi əlaqə və ya arabir “təcrübələrə” icazə verilən cəmiyyətləri müzakirə etməyə davam edir. Şimal-qərbi Amazonun Kubeo əhalisi barəsində “Kubeolar arasında həqiqi homoseksuallıq, əgər varsa belə, çox nadirdir” deyir. Kubeo kişiləri arasında davamlı homoseksual davranışların olmamasını isə buna sübut kimi göstərir.[10]
Müqayisəli məlumatlar üçün ən yaxşı mənbə “İnsan Münasibətləri Sahəsi” sənədləridir. Onların homoseksuallıqla bağlı sübutları Ford və Beach tərəfindən ümumiləşdirilib.[11] Bu sənədlər qəbul olunan davranışları iki geniş kateqoriyaya ayırır: institutlaşmış homoseksual rol və başqa vaxtı heteroseksual olan kişi və oğlan arasındakı əlaqə.
Berdaçe və ya transvestinin xüsusi rol kimi tanınması barədə isə deyirlər ki, bu “institutlaşmış homoseksuallığın ən geniş yayılmış formasıdır”. Bizim öz cəmiyyətimizdə də bu formayla oxşarlıq təşkil edən formalar var, lakin onlar bəzən daha ifrat ola bilirlər. Məsələn, Kaliforniya və Arzionanın Moxave Hindularında[12] həm alyha, yəni cinsi əlaqə zamanı qadının rolunu götürən kişi transvesti, həm də hwame, yəni kişinin rolunu götürən qadın homoseksual da var. İnanılırdı ki, insanlar alyha və ya hwame kimi doğulurlar. Onların gələcəkdəki seksual həvəsləri analarına hələ hamiləlik zamanı yuxuda görünərmiş. Əgər oğlan uşağı qız kimi davranmağa başlayırdısa və kişilərin əşyaları əvəzinə qadınlarınkına maraq göstəriridisə, onun alyha olması üçün mərasim keçirilərdi. Bundan sonra o qadın kimi geyinər və davranardı, ona qadın kimi müraciət edərdilər və “ərə” gedə bilərdi.
Lakin bizdəkindən fərqli olaraq, Moxavelərdə də alyhalara təəssüflənən və əyləncəli yanaşma olsa da, onu qınamırdılar və cəmiyyətdə qəbul edirdilər. Yanaşma belə idi ki, “o alyhadır, onun başqa çarəsi yoxdur.” Lakin alyhanın “əri” adi kişi idi. O, alyha ilə ona görə evlənmişdi ki, onlar, məsələn, təsərrüfatda daha bacarıqlı idilər və ya inanılırdı ki, “sevgidə bəxtləri gətirmişdi”. Buna görə onunla həmişə zarafatlar olunardı.
Feminin, passiv homoseksual və onun maskulin, aktiv partnyoru arasındakı radikal fərq bizim cəmiyyətimizdə aktual olmasa da[13], Orta Şərq ölkələrində çox vacibdir. Orda heç bir partnyora bu cürə “doğulub” kimi baxılmır. Lakin passiv partnyor, öz itaətkar feminin davranışı səbəbindən hörmətdən düşdüyünə görə nifrət olunur və ələ salınır, halbuki aktiv partnyora heç nə deyilmir. Babilistana sürgündən qayıdana qədər yəhudilər də daxil olmaqla, qədim Orta Şərqin əksər yerlərində kişi fahişələri olub.[14] Beləliklə, ayrıca homoseksual rolun tanındığı mədəniyyətlər belə onu bizim mədəniyyətimizin etdiyi kimi təyin etmir.
Bir çox digər cəmiyyətlər homoseksuallığı müxtəlif seksual davranışların bir hissəsi olaraq qəbul və ya təsdiq edir. Əksər hallarda bu, fərdin həyatında müəyyən bir mərhələ ilə məhdudlaşdırılır. Məsələn, Mərkəzi Avstraliyanın Aranda əhalisində 10–12 yaşından başlayaraq oğlan uşaqları və subay kişilər arasında uzun müddət davam davam edən münasibətlər olur.[15] Bu antik Yunanıstandakı məşhur vəziyyəti xatırladır, amma Yunanıstanda yaşca böyük kişinin arvadı da ola bilərdi. Bununla belə, bəzən, məsələn Şimali Afrikanın Siwan əhalisindəki kimi[16], bütün oğlanlar və kişilərə həyatlarının hər mərhələsində homoseksual əlaqəyə girməyə icazə verilir və bu onlardan gözlənilir. Bütün bu cəmiyyətlərdə homoseksual davranış olsa da, “homoseksual” yoxdur.
İngiltərədə homoseksual rolun inkişafı
Metod problemi antropolojidən daha çox tarixi materiallarla işləyəndə kəskinləşir. Çünki tarix əksər hallarda, təkrar olunan şablonlardan yox, “böyük hadisələrdən” bəhs edir. Orta əsrlərdə[17] kiçik rütbəli rahiblər arasında oğlanbazlığın qarşısını almaq üçün bəzi cəhdlərin olunduğuna dair məlumatlara rast gəlinir. Bu oğlanbazlığın həmin dövrdə geniş yayıldığına işarədir. Bu məlumatlar təklif edir ki, dindarlar öz oğlanları üçün narahat olurdular, çünki bu praktika geniş yayılmışdı. “Pozğun məqsədlər üçün saxlanılan oğlan” mənasına gələn “katamit” termini ilk dəfə 1593-cü ildə işlədilmişdi. Bu da həmin dövrdə oğlanbazlığın yayılmasına işarədir. Lakin homoseksuallıqla bağlı əksər tarixi məlumatlar böyük şəxslərə və ya böyük skandallara aiddir. Təqribən son 70 ildə bir çox alim seksin tarixini araşdırmağa cəhd edib.[18] Onların tapdıqlarından və həm də sübut edə bilmədiklərindən çox şey öyrənmək mümkündür.
Onların 17-ci ərsdən qabaq İngilitərə tarixi barədə araşdırmaları, əksər hallarda Edward II, Christopher Marlowe, William Shakespeare kimi müəyyən şəxslərin homoseksual olub-olmaması barədə əsassız gümanlardan ibarətdir. Bu mübahisələr sübutların yetərsizliyi ucbatından yox, bu kişilərin heç birinin müasir homoseksual stereotipinə uyğun gəlməməsi səbəbindən əsassız sayılır.
Ancaq 17-ci əsrin sonundan sonra digər növ məlumatlar əlçatan olduğuna görə, fərdlər haqqında fərziyyələrdən homoseksual həyatın təsvirinə keçmək mümkün oldu. Bu ərəfədə homoseksuallara bir tip kimi yanaşmalar və əsasən, Londonda ibtidai homoseksual alt-mədəniyyəti barəsində məlumatlar peyda olmağa başladı. Lakin homoseksualların ilkin təsvirləri müasir konsepsiyalar ilə tam düz gəlmir. Femininliyə və xüsusən də, transvestizmə o dərəcədə vurğu qoyulur ki, ilk başda transvestizm və homoseksuallıq arasında fərq görülmür.[19] Bu dövrdə homoseksualları təsvir etmək üçün çıxan terminlər — Molli, oğlan-Nensi, Medc-kul [20]— femininliyi vurğulayırlar. Əksinə, müasir terminlərdə — fag, kuir, gey, bent — belə məna yoxdur.[21]
Artıq 17-ci əsrin sonuna qədər trasvestilər Londonda öz kublarını yaradacaq qədər geniş bir qrup idilər.[22] Edward Ward 1709-cu ildə çap edilən “London klublarının tarixi” kitabında “Mollilərin klubu”-nu təsvir edir. Klub “Şəhərdə müəyyən tavernada” “şənliklər və adi yığıncaqlar” üçün görüşərdi. Üzvlər “qadınlar kimi danışmaq, gəzmək, söhbətləşmək, qışqırmaq, məzəmmətləmək və sair dərəcəsinə qədər feminin cinsə aid olan davranış tərzini götürmüşdülər.” Onun dediklərindən belə çıxır ki, evlilik və doğuş halları da klubda yenidən canlandırılırdı. Klub “İslahat cəmiyyəti”-nin agentləri tərəfindən tapılıb dağıdılmışdı.[23] 18-ci əsr boyunca buna bənzər homoseksual çevrələrin ifşa olunduğu bir neçə skandal olmuşdu.
1729-cu ildə bir yazar həmin dövrün homoseksual həyatını belə təsvir edir:
“Onların həm də bir-biriləri ilə görümək üçün öz Yürüşləri və Görüşləri var. Özlərinə açıq tavernada güvənmədiklərinə görə, İstirahət Evlərinə gedirlər. Belə evlərdən təqribən 20 dənəsi tapılıb, lakin bu iyrənc Adamların həm də “Bazar” adlandırdığı çoxsaylı Gecə Yığıncaqları da olur. Onlar “Royal Exchange”, Lincoln Inn, Bog House, St. James parkının cənub tərəfində, Covent bağında “Piazza”-larda, St. Clement qəbiristanlığında və s. yerlərdə baş tuturdu.
Onların öz klub və dəstələrini müşahidə etmək maraqlı səhnə olardı. Onlar necə nəfəs alırlar və bir-birilərini Madam ya Miss, Betti ya Molli çağırmağı xoşlayırlar, çənələrinin altına toxunaraq “Ay səni abırsız fərə, mən indi sənin yumurtalarını sındıracam”- deyərək atılıb-düşür, sonra digər tərəfə üz tuturdular.”[24]
Tamamilə homoseksual anlayışı bu ərəfədə formalaşdı. “İki ingiltərəli kişi, Leis və Dru, oğlanbazlıqda ittiham olunmuşdu… İddiaçı tərəfindən təqdim olunan sübutlar, belə məhkəmələrin əksəriyyətində olduğu kimi, çox nöqsanlı idi. Digər tərəfdən, müttəhimlər bu iddiaları rədd etdilər və onların qadınlara olan maraqlarını sübut etmək üçün öz şahidlərini təqdim etdilər. Onlara sonda bəarət verildi.”[25] Bu ancaq homoseksual davranışın heteroseksual zövqlərə ziddiyyət təşkil etdiyinə inanan cəmiyyətdə effektiv arqument sayıla bilər.
19-cu əsr boyunca klublara və homoseksual fahişəxanalara əlavə basqınların və reydlərin olduğu göstərilir. Bununla belə bu vaxta qədər transvestizm elementi artıq öz əhəmiyyətini itirmişdi. Hətta kişi fahişələrinin də maskulin olduğu qeyd olunur və əsas vurğu geyinib-bəzənmək və tamaşa göstərməkdən daha çox seksual sərbəstliyə qoyulur.
Homoseksual rol və homoseksual davranış
Beləliklə, 17-ci əsrin sonunda İngiltərədə ayrı, müstəqil, ixtisaslaşmış “homoseksual” meydana gəldi. İndi homoseksuallığın ancaq müəyyən fərdləri xarakterizə edən, digərlərini isə etməyən bir hal olması fikri bizim cəmiyyətimizdə özünə yer tutub. Rol termini, təbii ki, sadə dildədir. O, təkcə mədəni konsepsiya və ya ideyalar toplusuna yox, həm də bu ideyalardan asılı olan və onları gücləndirən mürəkkəb institusional tərtibatlara aid edilir. Bu tərtibatlara heteroseksual hərəkətlərin, münasibət və evliliklərin bütün formaları ilə yanaşı, həm də damğalama prosesi, yəni dedi-qodu, ələ salma, psixatr diaqnozu, cinayət məhkumluğu və homoseksual altmədəniyyətin qrup və şəbəkələri daxildir. Sadələşdirmək üçün biz buna ixtisaslaşdırılmış rol adı verəcəyik.
Belə bir sosial rolun mövcudluğu faktiki davranışa necə təsir edir? Xüsusən də, fərdlərin davranışı insanların tamamilə heteroseksual və ya tamamilə homoseksual olmasını diktə edən mədəni konsepsiya ilə uyğunlaşırmı? Əldə olan sübutlarla bu sualların cavabını vermək çətindir, çünki tədqiqatçıların çoxu homoseksuallığın hal olması xurafatına inanaraq işləyiblər. Onlar öz araşdırmalarını aparmaq üçün əvvəlcə özünü “homoseksual” adlandıran insanları tapmalı olurdular. Əgər homoseksuallıq və sosial rollar arasındakı əlaqə öyrənilirsə, onda bu iki məfhum bir-birindən müstəqil araşdırılmalıdır.
Bu sahədə Kinsey-in işləri ilə tanış olanlar bunun yeni bir şey olmadığını fikirləşə bilərlər.[26] O, hər şeydən əlavə, “seksual davranışı” öyrənirdi. Kinsey alimlərin və həvəskarların fərizyyələrini də rədd edirdi:
“ “Heteroseksual” və “homoseksual” olan insanlar möcvuddur, seksual dünyada bu iki şəxs bir-birinin tamamilə əksini təmsil edir. Digər qrupların arasında çox cüzi yer tutan “biseksual” qrupu da var… Hər bir şəxs anadangəlmə, yəni doğuşdan ya heteorseksual, ya da homoseksualdır… və doğulduğu gündən sonra bu və ya digər cürə olmaq insanların taleyinə yazılıb.”[27]
Ancaq Kinsey-in ideyalarına ən çox mübahisəli yazılarda rast gəlinir. Maraqlısı budur ki, onun əlində olan fakt və məlumatlardan çox az istifadə olunub.
Kinseyin “Homosexual Outlet”[28] adlı fəslinin əsas hissəsi onun “heteroseksual-homoseksual qiymətləndirmə şkalası” ətrafında cəmlənib. Onun subyektləri həyatlarının hər hansı bir nöqtəsində göstədikləri homoseksual “psixoloji reaksiyalara və ya açıq-aşkar hərəkətlərinə” görə qiymətləndilirdi. Maraqlıdır ki (bizim məqsədimizə görə təəssüflüdür), bu, kitabda Kinsey-in davranışa əsaslanan yanaşamasını müəyyən qədər tərk etdiyi bir neçə məqamdan biridir. Lakin “psixoloji reaksiyalar” da açıq-aşkar hərəkətlər kimi sosial bir rolun mövcudluğundan təsirlənə bilər. Kinsey-in materiallarından istifadə zamanı yaranan ikinci problem də var. Baxmayaraq ki, o, seksual davranışlar barəsində detallı məlumat verir, müsahibə etdiyi insanların digər xarakteristikaları barədə çox sadə informasiya paylaşır.[29] Amma Kinsey-in araşdırması hər hansı bir cəmiyyətdə seksual davranışın ən dəqiq təsviridir və buna görə də, digər Qərb cəmiyyətləri üçün ümumiləşdirmə apardıqda təhlükə törətmir.
Homoseksual rolun mövcudluğunun davranış üzərindəki effektlərini başa düşmək üçün ən ideal variant bu rolun möcvud olduğu cəmiyyətlər ilə mövcud olmadığı cəmiyyətləri müqayisə etmək lazımdır. Amma homoseksual rolun olmadığı cəmiyyətlərdə homoseksual davranış barədə adekvat məlumatın olmaması səbəbindən, biz bunu Amerika cəmiyyəti daxilində müqayisələrlə əvəz edəcəyik.
(1) Qütbləşmə
Əgər sosial rolun mövcudluğu insanların davranışlarında əks olunsaydı, biz nisbətdə daha az adamın biseksual olduğunu görərdik. Bunun empirik tədqiqatı zamanı yaranan çətinlik “nisbətdə az” ifadəsinin nə manada işlədildiyini tapa bilməkdir. Kinsey-in qiymətləndirmə şkalasındakı kateqoriyalar tamamilə ixtiyaridir. Onun beş biseksual kateqoriyası var, amma o, bu sayı artıra və ya azalda bilərdi. Bu halda hər kateqoriyaya düşən insanların sayı artar və ya azalardı. Onun şkalasının bölgüsünün U-şəklində olması özü özlüyündə mənasızdır (Cədvəl 1).
Homoseksual və heteroseksual davranışlar arasında qütbləşmə ilə bağlı birbaşa sübut tapmaq mümkün deyil. Amma bunun əski olaraq, sübut gətirmək olar ki, hər yaşda biseksual davranan kişilərin sayı tamamilə homoseksual davrananlardan qat-qat çoxdur. Bununla belə, yaş qrupları arasında və kişilər və qadınlar arasında müqayisələr aparmaqla, bu rolun bəzi effektlərini görmək mümkündür.

(2) Yaş müqayisəsi
1-ci cədvəlin 2-ci sütununda göstərildiyi kimi, yaşa dolduqca daha çox kişilər tamamilə heteroseksual davranmağa başlayır. Cədvəl həm də hər bir homoseksual və biseksual kateqoriyaya, yəni 3–8-ci sütunlara 20 yaşdan sonra vaxt keçdikcə daha az sayda kişi daxil olduğunu göstərir. Ən çox itki 5-ci biseksual kateqoriyada, yəni 7-ci sütunda “demək olar ki, tamamilə homoseksual” cavabına tuş gəlir. Bu çox kiçik qrup olsa da, 45 yaşa qədər bu az qala tamam yoxa çıxır. Digər tərəfdən, birinci biseksual kateqoriya, 3-cü sütundakı “təsadüfi homoseksual təcrübələr” 45 yaşa qədər heç yarıya da düşmür. Bununla belə, bütün yaşlarda birinci biseksual kateqoriya (2-ci və 3-cü sütunlar) beşinci biseksual kateqoriyaya (7-ci və 8-ci sütunlar) nisbətdə demək olar ki, tamamilə homoseksual olanların daha az hissəsini təmsil edir. Sadə dildə desək, belə çıxır ki, nisbətdə daha çox “homoseksual” heteroseksual hərəkətlər edir, nəinki “heteroseksuallar” homoseksual hərəkətlər edir. Bu hərəkətlər daha gənc 20–30 yaş arası fərdlərdə xüsusilə geniş yayılıb. Bu, o deməkdir ki, nifrət olunan rolun olması insanları vaxtaşırı homoseksual hərəkətlərdən çəkindirsə də, homoseksualların “tamamilə” homoseksual olmasında heç bir təsiri yoxdur.
Digər tərəfdən, yaşa dolduqca homoseksual davranışın miqdarında azalmanı daha çox kişinin evlənməsi ilə əlaqələndirmək olar. Aktiv homoseksual davranış subay kişilər arasında yüksəkdir və artır. Amma evli kişilər arasında aşağıdır və yaşa dolduqca cüzi şəkildə azalır. Təəssüf ki, Kinsey-in rəqəmləri bizə sonradan evlənən subay kişilər və evlənməyənlər arasında homoseksuallığı müqayisə etməyə imkan vermir.
(3) Kişi və qadınlar arasında müqayisə
Digər tərəfdən, homoseksual rol məfhumu kişilərlə müqayisədə qadınlarda çox zəif inkişaf edib. Bu zəif inkişaf həm də sosial nəzarət texnikalarına, ağzın altmədəniyyət və təşkilatlanmalara görədir. Buna görə də, qadınların seksual davranışları ilə müqayisə bu rolun kişilərin davranışlarında olan təsiri barədə nəsə deməlidir.
Kişilərə nisbətdə daha az qadın homoseksual hərəkətlər edir. 45 yaşa çatana qədər, qadınların 26 faizi bəzi homoseksual təcrübəyə malik olurlar, lakin bu rəqəm kişilər üçün 50 faizdir. Bu təsirdən daha çox səbəbdir, çünki kişilərlə müqayisədə daha az qadın evlilikdən kənar hər hansı cürə seksual münasibətdə olur. Məsələn, evlənənə qədər qadınların ancaq 50 faizi orqazm olacaq heteroseksual təcrübəyə malik olur, halbuki kişilərdə bu 90 faizdir.
Ən aydın ziddiyyət 2-ci cədvəldə göstərilən Kinsey qiymətləndirmə şkalasında kişi və qadınların paylanılması arasındadır. Qadınların paylanılması hamar J-şəkilli xətt üzrə gedirsə də, kişilərdə bu nahamardır və tamamilə homoseksual tərəfdə artım müşahidə olunur. Qadınların paylanılması təxminən 1:18 nisbətində heteroseksual və homoseksual hərəkətlərin təsadüfi paylanıldığı formaya bənzəyir.[30] Kişilər isə tamamilə homoseksual kateqoriyasında nisbətən daha çox cəmlənib. Bu, rolun mövcudluğunun davranışda əks olunduğu hipotezisini dəstəkləyir.
Nəhayət, maraqlıdır ki, 20 yaşa qədər qadınlardan daha çox kişilər homoseksual və biseksual təcrübəyə malikdirsə (27 faiz və 11 faiz), 35 yaşda bu rəqəmlər bərabərləşir (13 faiz). Qadınlar yaşa dolduqca seksual təcrübələrini genişləndirir, halbuki kişilər daha dar və ixtisaslaşmış olurlar.
Bununla belə, bunların heç biri davranış nöqteyi-nəzərindən bizim cəmiyyətimizdə heteroseksual kişi ilə homoseksual kişi arasında qütbləşmənin tamamlandığı mənasına gəlmir. Belə görünür ki, bəzi qütbləşmə, həqiqətən də, baş verib. Lakin bir çox kişi mədəni qərəzlərə və institusional tənzimləmələrə rəğmən bu iki tərəfin arasında hərəkət etməyi bacarır.

Nəticə
Bu yazı homoseksuallığın sosiologiyasının ancaq kiçik bir aspektini öyrəndi. Buna baxmayaraq, bu, fundamental bir aspektdir. Homoseksualları yalnız tibbi və ya psixiatrik yox, sosial kateqoriya kimi görəndən sonra sosioloqlar homoseksual rolun spesifik məzmunu və homoseksual qrupların təşkilatlanma və funksiyaları haqqında düzgün sualları verə bilərlər. [31] Burada ancaq qeyd edilib ki, bu rol bir çox cəmiyyətlərdə mövcud deyil və 17-ci əsrin sonlarında İngiltərədə meydana gəlib. Baxmayaraq ki, bu rolun müasir Amerikada mövcud olması homoseksual davranışın paylanılmasında müəyyən rola malikdir, bu davranışın homoseksual rolu oynayanlar tərəfindən inhisarlaşdırılmasından uzaqdır.
İstinadlar
[1] Irving Bieber, “Clinical Aspects of Male Homosexuality,” in Judd Marmor, redaktor, Sexual Inversion, New York: Basic Books, 1965, səh. 248; bu, çoxlu nümunələrdən sadəcə biridir.
[2] R. Von Krafft-Ebing, “Psychopatia sexualis”, 1889.
[3] Sonradan nəşr olunmuşdu: H. Ellis, “Studies in the Psychology of Sex”, 2-ci cild, Nyu York; Random House, 1936.
[4] Bu ifadə çox sadələşdirilmişdir. Edwin Lemert çox mahir və detallı analizi burada verib: “Social pathalogy”, Nyu York: McGraw-Hill, 1951, 4-cü fəsil, “Sociopathic Individuation”.
[5] Azğınların legitimlik tələbləri barədə ətraflı oxumaq üçün: Talcott Parsons, “The Social System”, Nyu York: Free Press, 1951, səh. 292–293.
[6] Burda bildirilən mövqe Ervin Goofman əqli pasiyentlərlə bağlı müzakirəsi ilə yaxınlıq təşkil edir; “Asylums”, Garden City, N.Y.: Doubleday-Anchor, 1961, səh. 128–146.
[7] İngiltərədə homoskesuallğını etiraf edən insanların feminin olmaması və əksəriyyətinin uşaqlara marağının olmaması barədə sübutlar üçün: Michael Schofield, “Sociological Aspects of Homosesuality”, London: Longmans, 1965.
[8] Marc Daniel, “Essai de méthodologie pour l’étude des aspects homosexuels de L’histoire,” Arcadie, 133 (Yanvar, 1965), səh. 31–37
[9] Marvin Opler, “Antropological and Cross-Cultural Aspects of Homosexuality” Marmor, editor, op. cit., səh. 174.
[10] Ibid, səh. 117.
[11] C. S. Ford and F. A. Beach, “Patterns of Sexual Behavior”, New York: Harper, 1951, 7-ci fəsil.
[12] George Devereux, “Institutionalized Homosexuality of the Mohave Indians,” Human Biology, 9-cu cild, 1937, səh. 98–527; yenidən nəşr olunub: Hendrik M. Ruitenbeek, redaktor, “The Problem of Homosexuality in Modern Society”, New York: Dutton, 196.
[13] Mədəni fərqin olmaması davranışda özünü göstərir, Gordon Westwood-un araşdırmasına görə onun müşahidə etdiyi Britaniyalı homoseksualların kiçik bir hissəsi anal əlaqədə olurlar və onların əksəriyyəti həm aktiv, həm də passiv olub və ikisinin arasında seçim etmirlər. Bax: “A Minority”, London: Longmans, 1960, səh. 127–134.
[14] Gordan Rattray Taylor, “Historical and Mythological Aspects of Homosexuality,” in Marmor, op. cit.; Fernando Henriques, “Prostitution and Society”, Vol. 1, London: MacGibbon and Kee, 1962, pp. 341–34.
[15] Ford and Beach, op. cit., p. 13.
[16] Ibid., pp. 131–132.
[17] Geoffrey May, “Social Control of Sex Expression”, London: Allen and Unwin, 1930, pp. 65 and 10.
[18] Xüsusən Havelock Ellis, “Sexual Inversion”, London: Wilson and Macmillan, 1897; Iwan Bloch (E. Diihren, pseud.), “Sexual Life in England Past and Present”, English translation, London: Francis Aldor, 1938; German edition, Charlottenberg, Berlin, 1901–03; Gordon Rattray Taylor, “Sex in History”, London: Thames and Hudson, 1953; Noel I. Garde, Jonathan to Gide: “The Homosexual in History”, New York: Vantage, 1964.
[19] Prof. Evelyn Hooker təklif edir ki, hələ homoseksual qruplaşmaların və homosesual alt-mədəniyyətlərin hələ institusionallaşmadığı vaxtda, homoseksuallar daha gözəçarpan və qabarıq şəkidlə davranmağa meyil göstərirdilər, çünki əlaqə qurmağın digər üsulları hələ mövcud deyildi. Bu həm də bizim cəmiyyətimizdə lezbiyanq adınların homoseksual kişilərdən daha çox gözəçarpan olması ilə də öz təsdiqini tapır, lakin 17-ci əsrə uyğun gəlmir, harda ki, belə qruplaşmalar artıq “klublar” kimi təsvir olunurdu.
[20] Molly, Nancy-boy, Medge-cull.
[21] Bununla belə, geniş yayılmış “feyri (fairy — pəri)” və “pensi”(pansy) kimi sözlər də əvvəlkilər kimi feminin məna daşıyır.
[22] Bloch, op. Cit., səh 328, bir neçə nümunə verir, lakin səbəb olaraq “homoseksualların sayının artmasını” göstərir.
[23] Ibid., səh. 328–329-da göstərilib.
[24] Anon, “Hell upon Earth: or the Town in an Uproar”, London, 1729, quoted by G. R. Taylor in Marmor, editor, op. cit., səh. 142.
[25] Bloch, op. cit., p. 334.
[26] Alfred C. Kinsey et al., “Sexual Behavior in the Human Male”, Philadelphia and London: Saunders, 1948; and Kinsey et al., “Sexual Behavior in the Human Female”, Philadelphia and London: Saunders, 1953.
[27] Kinsey et al., “Sexual Behavior in the Human Male”, pp. 636–37.
[28] Ibid., ch. 21, pp. 610–66.
[29] Kinsey-in məlumatlarının zəif tərəfləri, xüsusən də onda olan subyetklərin təmsil problemləri bir çox yerdə ətraflı şəkildə müzakirə olunub, bax məsələn: y William G. Cochran et al., “Statistical Problems of the Kinsey Report on Sexual Behavior in the Human Male”, Washington: American Statistical Society, 1954.
[30] Bu ciddi statistika kimi qəbul edilə bilməz, çünki kateqoriyalar ixtiyaridir və faktiki cinsi hərəkətlərin sayına və nisbətlərinə uyğun deyil.
[31] Amma maraqlı məqamlar qeyd olunub: by Evelyn Hooker in “The Homosexual Community,” Proc. XIVth Int. Congr. Appl. Psychol. Personality Research, 2-ci cild, Copenhagen, Munksgaard, 1962; and “Male Homosexuals and their Worlds”, Marmor, editor, op. cit., səh.. 83- 107; dəyərli təsviri materiallar üçün: Donald Webster Cory, “The Homosexual in America”, New York: Green- berg, 1951; and in Gordon Westwood, “A Minority: A Report on the Life of the Male Homosexual in Great Britain”, London: Longmans, 1960, və digərləri.
[32] Social Problems, Vol. 16, №2, Autumn, 1968.