Bu məqalə ilk dəfə Femiskop feminist platforması tərəfindən hazırlanmışdır.
Freudun iddiasına görə, qız uşağı cinslər arasındakı fərqləri ilk dəfə görüb başa düşdüyü, o cümlədən, özündə penisin olmadığını kəşf etdiyi vaxt axtalandığını zənn edir və kompleksə düşür. Bu yaş dövründən etibarən, o özünü həmişə axtalanmış kişi kimi hiss edir və özündə penisə qarşı qibtə hissi formalaşdırır. Bütün bunlar sonradan qadın həyatının istiqamət verici qüvvəsinə çevrilir.
Bu məqalə Simone de Beauvoirın “İkinci Cins” əsərinin “Psixoanalitik nöqteyi-nəzər” fəslində Freud və Adlerin qadın psixikası ilə əlaqədar bu və digər təsvirlərinin təhlilinə həsr olunmuşdur. Beauvoir tənqidləri ilə yanaşı, psixoanalizi bütünlüklə təkzib etmək niyyətində olmadığını vurğulayır, onun bir çox hissələrinin özünəməxsus əhəmiyyəti olduğunu qeyd edir (2011, s. 50).
Beauvoirın dili ilə Freud: Edip və Elektra kompleksi
Freuda görə uşaqlar ilkin olaraq ana döşü ilə qidalanaraq oral mərhələni, daha sonra isə anal mərhələni və tənasül üzvlərinin inkişafı mərhələsini keçməklə öz cinsi inkişaflarını tamamlayır və cinsi olaraq bir-birindən fərqlənməyə başlayırlar. Kişi erotikası əsasən, penis üzərində cəmləşsə də, qadın erotikası körpəlikdə formalaşan klitor və yeniyetməlik dövründə öz inkişafını tamamlayan vagina üzərində cəmləşir. Oğlan uşağı tənasül üzvlərinin inkişafı mərhələsini tamamlamaqla öz cinsi inkişafını da tamamlayır, şəhvəti özündə yaşadığı avto-erotik davranışdan şəhvətini hər hansı bir obyektə yönləndirdiyi hetero-erotik davranışa keçid edir. Qadında isə yeniyetməlik narsistik (özünə vurğunluq) şəkildə təzahür edir, o, kişini öz libidosunun obyektinə çevirir. Amma bu proses xeyli mürəkkəb şəkildə baş verir: qadın klitor əsaslı həzzdən vagina əsaslı həzzə keçə bilməmək, öz cinsi inkişafını tamamlaya bilməmək, uşaqlıq dövründə qalma və nəticə etibarı ilə, nevroza düçar olma kimi böyük risklərlə qarşı qarşıya qalır (ss. 51-52). Beauvoir Freudun dili ilə psixoanalizi izah etməyə davam edərək bütün əsər boyu tənqid edəcəyi Edip və Elektra kompleksini qısa belə təsvir edir:
Edip Kompleksi:avto-erotik dövrdə oğlan uşağı xüsusi bir obyektə, öz anasına qarşı şəhvətlə bağlanır və özünü atası ilə eyniləşdirməyə başlayır. Bununla yanaşı, o bu şəhvət hissindən və atasının onu axtalamaqla cəzalandıracağından qorxuya düşür. Freudun“axtalama kompleksi” adını verdiyi bu psixiki vəziyyət oğlanda atasına qarşı nifrət hissi yaradır, amma eyni zamanda, atasının hakimiyyətini də qəbullanmalı olur. Bütün bunların fonunda öz insest, ailə daxili cinsi münasibət və meyillərini durdurmaq və cəzadan yayınmaq üçün, oğlan uşağı müəyyən zaman içərisində Freudun “supereqo” deyə adlandırdığı daxili senzurasını formalaşdırır. Zamanla o öz cinsi meyillərini boğur, kompleksini əridir, atasından xilas olur, amma bütün bunlar onda həm də mənəvi qaydalar şəklində toplanır(s. 52).
Elektra Kompleksi:Freud qız uşaqlarının inkişafını da, eyni ilə oğlan uşaqları ilə müqayisəli şəkildə izah edir. Elektra kompleksinə görə, (termin Karl Qustav Yunqa aiddir) qız uşağı oğlan uşağı kimi cinsiliyin oral inkişaf mərhələsindən qalma bir vərdişlə ilk əvvəl anaya bağlanır, eyni zamanda özünü atası ilə eyniləşdirir. Amma təxminən beş yaşına çatanda cinslər arasındakı anatomik fərqlərin və penisə sahib olmadığının fərqinə varır. Axtalandığını zənn edir və buna görə əzab çəkir. Beləliklə, anasına qarşı şəhvətdən və erkəklik iddiasından əl çəkir, özünü anası ilə eyniləşdirməyə başlayır, atasını yoldan çıxartmağa çalışır. Burada qız uşaqlarındakı axtalanma kompleksi ilə Elektra kompleksi bir-birini möhkəmləndirir. O öz atasını sevir, ona bənzəməyə çalışır, eyni zamanda atasında yaratdığı şəfqət, mehribançılıq ilə öz əksikliyini doldurmağa, tarazlamağa çalışır. Öz anası ilə rəqabətə girir, ona qarşı kin bəsləyir. Və qız uşağı da zamanla öz insest meyillərini boğmaq üçün supereqo inkişaf etdirməyə başlayır (ss. 52-53).
Beauvoir psixoanalizdə təsvir edilən Elektra ilə Edip komleksini bir-biri ilə müqayisəli təsvir edir: Elektra kompleksi daha mürəkkəbdir, çünki qız uşağı zaman içərisində hər iki valideyninə qarşı hisslər formalaşdırır. Oğlanda isə bu hiss sadəcə anaya qarşı olur. Bunun nəticəsi olaraq, atanın qadağaları qız üçün daha zəif görünür, oğlan atasına qarşı heç bir hiss formalaşdırmadığı üçün atasının qadağaları ona daha dəhşətli və ağır gəlir. Bu mənada qız uşağının supereqosu oğlana nisbətdə daha kövrək və qırılqandır. Zaman içərisində qız uşağının ümumi cinsi draması daha mürəkkəb nəticələr yarada bilər: o axtalanma kompleksinə öz dişiliyindən imtina etməklə reaksiya verə; höcətlə penis əldə edib atasına bənzəməyə çalışa, daha ehtirassız ola və ya yenidən anaya, homoseksuallığa qayıda bilər (ss. 52-53).
Bəs dişi libido? Axtalanma kompleksi yoxdursa penisə qibtə necə yaranır?
Beauvoir Freud tədqiqatlarının başlıca olaraq kişi cinsəlliyi üzərində cəmləndiyini, qadın cinsəlliyinə çox az toxunduğunu vurğulayır. Belə ki, Freuda görə “libidio qadın və ya kişi daxilində olmasından asılı olmayaraq, həmişə və müntəzəm şəkildə əslən erkək xarakterlidir.” Beauvoira görə Freud əsl dişi libidosunun varlığını təqdim etməkdən boyun qaçırıb, hər zaman qadını kişiyə bənzər, simmetrik şəkildə izah etməyə çalışıb. Ümumilikdə isə psixoanaliz heç vaxt qadın libidosu üzərində əməlli başlı tətqiqat aparmayıb. Dişi libidonun orijinal bir izahı olmadığına görə də Elektra kompleksi qeyri-müəyyən olaraq qalır (s. 51). Bütün bu problemlərlə yanaşı, ümumilikdə Edip kompleksi və Elektra kompleksi patriarxatın necə formalaşdığını, onun necə reinteqrasiya olunduğunu izah etmək üçün feminizmi yararlı təsvir və izahatlarla təmin edir (Kamber 2016).
Beauvoir penisə qarşı qibtə hissini qəbul etsə də, qız uşaqlarının cinsi anatomik fərqlilikləri anlamaqla axtalanma kompleksi yaşaması iddiasını təkzib edir. Belə ki, bir çox qız uşağı penisi çox gec kəşf edir və sadəcə onu görməklə kifayətlənir. Oğlan uşağı kimi onu özünün bir hissəsi kimi təcrübə etmir. Penis qız uşaqları üçün bir çox halda sadəcə cinsləri fərqləndirir və hətta ilk görüşdə bir çox qızda diksinti hissi yaradır (Gatens, 2003).
Bəs qız uşaqlarında axtalanma kompleksi baş vermirsə, penisə qibtə necə formlaşır? Beauvoira görə Freud bütün bunları izah etmək, səbəblərini göstərmək əvəzinə onları hazır anlayışlar kimi qəbul edir. Beauvoir bu hissi psixoanalizdən fərqi şəkildə izah edir. Belə ki, ona görə qız uşaqlarında penisə qibtə onların ətrafında erkəkliyə və kişilərə verilən apriori dəyərin nəticəsi olaraq ortaya çıxır: “bu kompleksə səbəb penisin yoxluğu deyil, ümumi vəziyyətdir. Qız uşağı penisə sadəcə, oğlan uşaqlarına verilmiş səlahiyətlərin simvolu olduğuna, atasının ailədəki yerinə, erkəklərin universal hökmranlığına və bütün bunların onun erkək üstünlüyü ideyasını təsdiq etdiyinə görə qibtə edir” (s. 54).
Psixoanalitik determinizmə qarşı ekzistensialist prinsiplər
Beauvoir psixonalizi təhlil edərkən onun əsas iki metodoloji dayağını təkzib edir, ilk əvvəl Freudun cinsəlliyini determinist bir formada qəbul etdiyini və onu hər şeyin hərəkət verici qüvvəsi kimi gördüyünü deyir. Digər tərəfdənisə Freud kollektiv təhtəlşüur anlayışına əsasən, insanın seçim anlayışını və onun təbii nəticəsi olaraq ortaya çıxan dəyərlər anlayışını təkzib edir. Beauvoira görə bu iki əsas yanaşma psixoanalizin ən ciddi zəiflikləridir, qadını və onun mövcudluğunu izah etmək üçün böyük maneələrdir.
Freudun iddia etdiyi kimi, insanlarda yaranan yuxular, xəyallar, məcazlar və bütün digər simvolizmlər kollektiv təhtəlşüur yaratmır. Beauvoira görə isə, bütün bu oxşarlıqlar universallıq kəsb etmir, simvolizm psixonalistlərin mistik bir formada təqdim etdikləri kimi təhtəlşüur məhsulundan daha çox, kəsişən varlıqların mənalandırması ilə ortaya çıxır. “Simbolizm cənnətdən düşməyib və ya yeraltı dərinliklərdən çıxmayıb. O, insanın birgə var olma şəraiti içərisində dil kimi şaxələnib” (ss. 57-58).
Başqa bir tərəfdən də psixoanalistləri seçim və dəyər ideyasından imtina etdiklərinə görə tənqid edir. Belə ki, Freud daxili hissləri izah edərkən, hakimiyyət anlayışını izah etmədən hazır şəkildə təqdim edir, onun qaynağını oxucular üçün aydınlaşdırmır: məslən, niyə insest münasibətlərə ata tərəfindən qadağa qoyulur? Supereqo əmr və qaydaları hakimiyyətdən necə yararlanır? Bu suallar cavabsız olaraq qalır. Bir sözlə, Frued əxlaq ilə cinsəlliyi bir-birinə yad anlayışlar kimi görür, onun izahında fərdlə cəmiyyət arasındakı körpü çox zəifdir. Psixoanalistlər dəyərin cinsəlliyin içərisində olduğunu və bu anlayışın vacibliyini anlaya bilmirlər (s. 56).
Freud üçün “anatomiya insan taleyidir” və “cinsəllik mövcudiyyət ilə birlikdə var olur”, yəni hər mövcud olan cinsidir, hər cinsi olan mövcuddur. Beauvoir bu cür cinsi-bioloji determinizmi, “insan həqiqətinin bədəni ilə münasibətdə ortaya çıxması” iddiasını bir başa rədd edir (s. 57). Ona görə, cinsəllik insan mövcudluğunun sadəcə bir komponentidir. İnsanın ətraf dünyaya qarşı marağı sadəcə libido tərəfindən diktə oluna bilməz. Əslində, libido insanı əhatə edən reallıqlardan təsirlənir. Həyat dünya ilə münasibətdir. Fərd, o cümlədən, qadın dünya və onu əhatə edən reallıqlar daxilində özünü, varlığını, necə olacağını seçir və müəyyənləşdirir (s. 57).
Beauvoir psixoanalizin qadın taleyinə determinist şəkildə seçim və dəyərlər anlayışından uzaq yanaşmasını təkzib edir və ondan fərqli olaraq, öz ekzistensial baxışını bu cür təqdim edir: “Biz qadını dəyərlər dünyasına yerləşdirir, onun davranışına azadlıq müstəvisi qatırıq. Bizim fikrimizə görə, qadın özünü aşıb keçmə ilə özünün obyekt kimi yadlaşması arasında bir seçim etməlidir. O bir-birinə zidd olan daxili hiss və meyillərinin oyuncağı deyildir. O özlüyündə iyerarxik quruluşlu həllər fikirləşib tapır. Dəyəri hakimiyyətlə əvəzləməklə və daxili meyilləri əsas götürməklə psixoanalitika saxta bir əxlaq yaradır və buna normallıq adı verir” (s. 60).
Psixoanaliz insan seçimlərini, onun nəticəsi olaraq ortaya çıxan insan dəyərlər sistemini, bir sözlə, ictimai quruluşu ciddi şəkildə göz ardı edir, hər şeyi keçmişlə, fərdin uşaqlığı və oradakı psixikası ilə izah etməyə, bununla da, saxta normallıq yaratmağa çalışır. Beauvoira görə isə, qadın sadəcə keçmişi ilə deyil, həm də gələcəyə gedən yolda daim seçimlər edən və seçimləri ilə özünü var edən bir varlıqdır (Ruonakoski 2015). O, dəyərlər sisteminin içindədir. Qadında yaranmış əksiklik, natamamlıq hissi onun öz biologiyası və psixikasının məhsulu deyil, psixoanalistlərin görmək istəmədikləri ictimai dəyərlər sisteminin məhsuludur. Burada psixoanalizin tənqidə tuş gəlmə səbəblərindən biri də feminizmin istifadə etdiyi cins/gender terminin izahı ilə üst-üstə düşməməsidir. Belə ki, psixoanaliz fərdin individuallığını unudur, onu öz cinsi ilə eyniləşdirir və onun genderini isə ümumiyyətlə görməməzlikdən gəlir (Kamber 2016).
Qadın və Kişi özgələşməsi, Özgə qadın!
Beauvoira görə ekzistensialist bir fakt olaraq, hər bir subyekt “özgələşməyə” meyillidir. Azadlıq təlaşı subyekti özünü nəsnələr içərisində axtarmağa təşviq edir. Bununla o özündən qaçıb qurtulmağa cəhdlər edir. Belə ki, ana südündən kəsilən kimi uşaq özgələşmiş varlığını ya aynada, ya da valideynlərinin diqqətli baxışlarında axtarmağa başlayır. Balaca oğlan uşağı üçün penis müstəsna şəkildə bu rolu oynayır: onun üçün bu orqan həm xarici obyekt, həm də özüdür; həm oyuncağı, həm də öz parçasıdır. Valideynləri və ətrafındakı hər kəs onun penisinə kiçik bir insan kimi yanaşırlar. Beləliklə, o əllə tuta bildiyi bu orqanı ilə varlığını aşır, keçir, penis onun qürur mənbəyinə, penisin uzunluğu və funksiyası isə zamanla onun özünü dəyərləndirmə meyarına çevrilir (s. 58).
Qız uşağının özgələşmə prosesi isə daha fərqli şəkildə baş verir. Belə ki, oğlan uşağında olduğu kimi, qız uşağının seçəcəyi xüsusi bir nəsnə yoxdur. Bəzi hallarda penisin olmamağı hətta qızın özünü cins kimi başa düşməsinə maneə yaradır. Buna görə də o özünün bütün varlığını obyektə çevirir, özünü “Özgə” kimi başa düşür, dərk edir. Amma penisin yoxluğunu qadının taleyi kimi qəbul etmək olmaz: “Penisin bu qədər əhəmiyyətli olması onun digər sahələrdə sərbəstliyi simvolizə etməsi ilə əlaqədardır. Əgər qadın özünü subyekt olaraq qəbul etməkdə uğurlu olardısa, o özü üçün penisin əvəzedicisini yaradardı”. Məsələn, gəlincik gələcəklə əlaqədar uşaq vədi verən, penisdən daha dəyərli bir şey ola bilərdi (s. 59).
Beauvoir iddia edir ki, psixoanaliz qadının niyə “Özgə”yə çevrildiyini izah edə bilmir. Hətta Freud penisin bu qədər populyar olmasının səbəbinin “atann sərbəstliyi” ilə əlaqləndirsə də, erkək üstünlüyünün qaynağının nədən ibarət olduğunu bilmədyini etiraf edib (s. 59).
Beauvoir psixoanalizin qadın üçün iki cür yadlaşma prosesi təqdim etdiyini söyləyir. Belə ki, qadın “kişi olma yolunda müvəffəqiyyətsizliyə düçar olur, amma qadın olma yolu da onun üçün bir tələdir: qadın olmaq obyekt, yəni Özgə olmaq mənasına gəlir” (s. 61). Bu mənada, psixoanalistlərə görə özünü aşıb keçmə “erkək xarakterli bir etiraz”, özgələşmə isə dişi mənşəli bir aktdır. Psixoanaliz bu mənada “kişini insan, qadını isə dişi olaraq görür”. Bunun məntiqi nəticəsi olaraq, qadın insan kimi hər hansı bir şey etdikdə, o, həmişə kişini yamsılamış hesab olunur. Məsələn, psixoanalizə görə ağaca dırmaşan qız uşağı bunu istədiyinə görə deyil, oğlan uşağına oxşamaq istədiyinə görə edir. Belə ki, psixoanaliz qız uşağının həmişə ata və anası ilə eyniləşdiyini, erkək və dişi meyilləri arasında get-gəldə qaldığını söyləyir.
Beauvoir isə bütün bunları yenidən təkzib edir: “biz qadını ona təqdim edilən obeykt, yəni, Özgə rolu ilə öz azadlıq iddiası arasında tərəddüt edən birisi kimi başa düşürük… Bizim üçün qadın dəyərlər dünyasında, iqtisadi və sosial quruluşu başa düşməyin labüd olduğu bir dünyada özünə dəyər axtaran bir insandır. Biz onu onun vəziyyətinin məcmusunu nəzərə alaraq ekzistensialist nöqteyi nəzərlə tədqiq edirik” (s. 62).
Başqa sözlə, psixoanaliz qadının subyekt olması ilə dişi olması arasında dixotomiya yaradır: qadın tam subyekt olmaq üçün öz dişiliyindən keçməli və ya tam dişi olmaq üçün subyekt olmaqdan imtina etməlidir. Beauvoir subyekt olmağın bu cür erkəkləşdirilməsinə qarşı çıxır və qadına təqdim olunmuş bu dəyişməz taleyi inkar edir (Zakin, 2011).
Nəticə
Bu məqalədə Simone de Beauvoirın “İkinci Cins” əsərininin “Psixoanalik Nöqteyi-nəzər” fəslində yer almış psixoanalizin qadın tədqiqatları ilə əlaqədar təhlili və mülahizələri ilə tanış olduq. Bu fəsildə Beauvoir əvvəlcə Freudun irəli sürdüyü cinsi inkişaf mərhələrini, Edip və Elektra kompleksləri anlayışlarını izah edir, Freudun tədqiqatlarında qadın cinsəlliyinin məhdud izahatını və ümumən qadın libidosunun izah edilmədiyini vurğulayır. Daha sonra psixoanalizin iddia etdiyi kimi, qadında axtalanma kompleksinin yarandığını təkzib edir, bununla yanaşı penisə qibtə hissinin tamamilə ictimai quruluşun, erkək hegemoniyasının nəticəsi olaraq ortaya çıxdığını bildirir. Bütün bunların fonunda Beauvoir psixoanalizin anatomik, bioloji determinizminə öz ekzistensialist mövqeyi ilə qarşı çıxır. Beauvoira görə: “dişi özünü bu cür hiss etdiyi müddətcə qadındır… Təbiət qadını təsvir etmir: qadın təbiətə müraciət edərək öz hissiyatı içərisində özünü təsvir edir” (s. 50). Nəticə etibarı ilə, Beauvoira görə qadın uşaqlıq periodu travmalarından asılı, daxili meyillərinin əsiri olan birisi yox, azad və özünü öz dəyərlər sistemi və azadlığı içərisində yaradan, quran və mütəmadi olaraq müəyyənləşdirən bir varlıqdır. Bu mənada qadın ona təqdim edilmiş bütün məhdudiyyətlərdən imtina edə biləcək gücə malikdir.
İstinadlar:
Beauvoir, S. de, 2011. The Second Sex. Vintage Books, London.
Gatens, M., 2003. Beauvoir and biology: a second look, in: Card, C. (Ed.), The Cambridge Companion to Simone de Beauvoir, Cambridge Companions to Philosophy. Cambridge University Press, Cambridge, pp. 266–285.
Kamber, N. K. 2016. Feminism and Psychoanalysis. In The Wiley Blackwell Encyclopedia of Gender and Sexuality Studies (eds A. Wong, M. Wickramasinghe, r. hoogland and N.A. Naples). doi:10.1002/9781118663219.wbegss471
Ruonakoski, E. 2015. “Interdisciplinarity in The Second Sex: Between Phenomenology and Psychoanalysis”. In Interdisciplinarity in The Second Sex: Between Phenomenology and Psychoanalysis. Leiden, The Netherlands: Brill | Rodopi. doi: https://doi.org/10.1163/9789004294462_005
Zakin, E., 2011. Psychoanalytic Feminism, in: Zalta, E.N. (Ed.), The Stanford Encyclopedia of Philosophy. Metaphysics Research Lab, Stanford University.